Konstitusiya Məhkəməsi gənclərlə işbirliyinə önəm verir
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində “Davam” Gənclər Hərəkatının nəzdində fəaliyyət göstərən Gənc Hüquqşünaslar Klubunun təşəbbüsü ilə görüş keçirilib.
Konstitusiya Məhkəməsindən azhuquq.az-a verilən məlumata görə, görüşdə hakim Ceyhun Qaracayev, Aparatın Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərov, şöbə müdirinin müavini İntiqam Eyvazov, Aparatın Məhkəmə iclaslarının təşkili sektorunun müdiri Fərrux Seyidov və davamçı gənclər iştirak ediblər.
Gənc qonaqlara Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ölkəmizdə Konstitusiyanın aliliyinin təmin edilməsi vasitəsilə hüquqi dövlət quruculuğuna öz töhfəsini verir. Tədbir iştirakçılarına qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş Konstitusiya Məhkəməsinin Plenumunun qərarları barədə məlumat verilib.
“Davam” Gənclər Hərəkatının üzvləri keçirilən görüşə və maraqlı çıxışlara görə minnətdarlıqlarını bildirdilər.
Qeyd edilib ki, “Davam” Gənclər Hərəkatının əsas məqsədi ictimai-siyasi proseslərdə aktiv rol oynamaq, gənclər və idman siyasətinə yeni və fərqli layihələrlə töhfə vermək, ölkəmizdə aparılan islahatlar prosesində faydalı olmaqdır.
Görüşdə, həmçinin gənclərin Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə bağlı bir sıra sualları cavablandırılıb.
Sonda qonaqlar Konstitusiya Məhkəməsinin binası və Plenum zalı ilə tanış olub, xatirə şəkilləri çəkdiriblər.