«Barışıq sazişlərimizin təkcə bu aydakı dinamikasında çox ciddi artım var»-Nadir Adilov

«Barışıq sazişlərimizin təkcə bu aydakı dinamikasında çox ciddi artım var»-Nadir Adilov

Mediasiya Şurasının sədri Nadir Adilov mediasiya təşkilatları, müdiatorlar və ölkə vətəndaşlarına müraciət edib. 

N.Adilovun bildirdiyinə görə, «Ötən bir ilin təcrübəsi göstərir ki, mediasiya təşkilatlarımızın, təşkilat rəhbərlərimizin və bu təşkilatlarla əməkdaşlıq edən mediatorların peşəkarlıq səviyyəsi hər gün artır. Bir mütəxəssisin yetişməsi üçün aylar yox, hətta illər lazımdır.

Amma qısa müddətdə, bir ildə bizim fədakar təşkilat rəhbərləri, o cümlədən, fədakar mediatorların hesabına yüzlərlə problemin öhdəsindən birgə gələrək biz bu peşəni insanlara sevdirməyi bacardıq.

Bu gün tərəflər öz vəkilləri, nümayəndələri və öz iştirakları vasitəsi ilə mediasiyanın üstünlüklərini hiss edirlər.

Əlbəttə problemlər olur və biz bu problemlərə göz yummuruq, istənilən pozuntu barədə ən sərt ölçüləri götürürük və bundan sonra da götürəcəyik. Bu bizim açıq, şəffaf mövqeyimizdir.»

N.Adilov qeyd edib ki, «Mediator peşəsi ölkəmiz üçün yeni peşə idi, biz səhvlərimiz və düzlərimizlə bizə dəstək olan ekosistemin, o cümlədən, sizlərin hər birinizin köməkliyi ilə ciddi nəticələrə nail olmuşuq.

Barışıq sazişlərimizin təkcə bu aydakı dinamikasında çox ciddi artım var. Bu bizi qürurlandırır.

Heç bir bürokratik əngəl olmadan, rüşvətsiz, şəffaf şərtlərlə keyfiyyətli mediasiya xidmətləri alan minlərlə məmnun vətəndaş, vəkil, nümayəndə görmək çox xoşdur. Bu bizi sevindirir. 

Mediator peşəsi neytral, müstəqil, tərəfsiz, qərəzsiz və heç bir inzibati seqment daşımayan peşə kimi həyatımızın bir hissəsinə çevrilir.»

Yenilik.az xəbər verir ki, Mediasiya Şurasının sədri bütün vətəndaşları fəal əməkdaşlığa və hər hansı qanunsuzluqla qarşılaşdıqları halda birbaşa ona müraciət etməyə çağırıb: «Mediasiya təşkilatlarımızdan, mediatorlarımızdan israrla arayış tələb etməyin! Əksinə onlardan keyfiyyətli mediasiya xidmətləri tələb edin. İnanın ki, bu xidməti onlar sizə göstərəcəklər.

Əlbəttə ki, kobud pozuntuya yol verən, keyfiyyətsiz xidmətlər həyata keçirdiyini düşündüyünüz mediatorumuz olacaqsa, mən bütün sosial şəbəkələrdə bütün vətəndaşlara ünsiyyətdə açığam və bu barədə mənə mütləq bildirin.

Sizlərə qarşı ola bilən, olmasını ehtimal etdiyiniz pozuntularla bağlı mütləq şəkildə mənə bildirin. Əmin olun ki, biz heç bir müraciəti cavabsız və qərarsız qoymuruq.

Bu postu yazmaqda məqsədim keyfiyyətli mediasiya xidmətləri göstərən mediasiya təşkilatlarına, bu təşkilatların rəhbərlərinə və mediatorlarımıza dərin təşəkkür etmək idi.

Etiketlər