Kişilərə nisbətən qadınlar arasında tükənənlər niyə daha çoxdur?

Kişilərə nisbətən qadınlar arasında tükənənlər niyə daha çoxdur?

Statistika göstərir ki, stres və tükənmə hissi kütləvi şəkildə kişilərdən daha çox qadınlara təsir edir. Bunun səbəbi nədir və bundan sonra nə olacaq?

Manhattanda yaşayan və məsləhətçi vəzifəsində işləyən Jia 2014-cü ildə Sheryl Sandberg-in ən çox satılan Lean In (tərc.-Əyil) kitabını oxuyanda Facebook-un baş əməliyyat direktorunun dəstəklədiyi tövsiyələrə əməl etməyə qərar verib.

Peşəkar reputasiyasını qorumaq üçün soyadı bildirilməyən Jia deyir: «Mən Ivy League biznes məktəbini təzəcə bitirmişdim, çox həvəsli idim və karyeramı qurmaq fikri xoşuma gəldi».

«Özünü önə çəkməyi öyrənmək məni həvəsləndirdi və hər şeyə nail ola biləcək qadın olduğumu sübut etməyə 100 faiz hazır idim: həm uğurlu karyera quran qadın, həm də əla ana ola bilərəm.»

Ancaq bu gün 38 yaşlı Jia fərqli bir təəssürat bağışlayır. Onun sözlərinə görə, illərdir ki, xüsusən də 2018-ci ildə ana olduqdan sonra, ona elə gəlir ki, o, cinsi ucbatından iş yerində vəzifə yüksəlişi və maaş artımı kimi məsələlərdə diqqətdən kənarda qalıb.

Uşaq doğulduqdan sonra uşağa baxmaqla bağlı əsas yükü Jia öz üzərinə götürüb, çünki onun əri bankirdir və iş öhdəlikləri ilə bağlı tez-tez səyahət etməli olur. O, əlavə edir ki, bu məqam əksəriyyəti kişi olduğu həmkarları və menecerləri arasında ona bir peşəkar kimi güya kifayət qədər motivasiyalı olmadığı barədə yanlış bir reputasiya qazandırıb.

Sonra Covid-19 başladı və ona əngəl yaradan bütün amillər sanki daha da gücləndi. 2020-ci ilin mart ayında qızını verdiyi uşaq baxçası bağlandıqda, Jia həm işdən qalmamağa çalışırdı, həm də evdə uşağa baxırdı.

«Mən son dərəcə motivasiyasız idim, çünki bütün günü özümü sanki sürətlə hərəkət edən qaçış trenajorundan yıxılmamağa çalışdığım kimi hiss edirdim», — Jia izah edir.

«Ancaq eyni zamanda hiss edirdim ki, mənə getdikcə daha az etibar edirlər, işi yaxşı görə bilməyəcəyimi düşünürlər. Hiss edirdim iş karyeram sanki əlimdən çıxır və mən bunun qarşısını heç cür ala bilmirəm.»

2021-ci ilin əvvəlində Jianın terapevti ona tükənmişlikdən əziyyət çəkdiyini söyləyib.

Jia deyir ki, əvvəllər psixi sağlamlığı onu heç vaxt narahat etməyib. «Ancaq indi mən hər həftənin nə zaman başa çatacağını gözləməklə həyatımı keçirirəm və bu müddətdə də ağlımı başımda saxlamağa çalışıram», — o deyir.

Maaşsız ev işləri

Jia-nın əhvalatı pandemiyanın həm üzə çıxardığı, həm də şiddətləndirdiyi, cəmiyyətdə dərin kök salmış balanssızlığın simptomudur.

Bir çox səbəblərə görə, qadınlar, xüsusən də analar, gündəlik olaraq kişilərlə müqayisədə daha çox hallarda ev işlərini görürlər — bunun müqabilində onlara ödəniş edilmir — həm də maaşlı peşəkar vəzifələrini yerinə yetirməli olurlar.

Bu vəziyyətin yaratdığı psixoloji gərginlik onilliklər ərzində məlum olsa da, Covid-19 bu problemi qabarıq olaraq üzə çıxardı.

Statistika göstərir ki, stres və tükənmə hissi kişilərə nisbətən daha çox qadınlarda özünü göstərir, xüsusən də işləyən atalara nisbətən daha çox işləyən analara təsir edir.

Bunun post-pandemiya dövrü üçün çoxsaylı təsirləri ola bilər. Odur ki, bu faktor həm şirkətlərin, həm də ümumilikdə cəmiyyətin bu qeyri-bərabərliyi azaltmağın yollarını tapmasını vacib edir.

Qeyri-bərabər tələblər

Qadınlarda tükənmə hissinə dair son məlumatlar xüsusilə narahatlıq doğurur. LinkedIn tərəfindən təqribən 5000 amerikalı arasında keçirilmiş sorğuya əsasən, işlə bağlı səbəblərdən güclü və ya orta stress keçirənlər işləyən qadınlar arasında 74 faiz çıxıbsa, işləyən kişi respondentlər arasında belələri yalnız 61 faiz təşkil edib.

«Great Place to Work» (tərc.-İşləmək üçün əla yer) konsaltinq şirkəti və «Maven» startapı tərəfindən aparılmış ayrıca araşdırma isə göstərib ki, ödənişli işdə işləyən analarda ödənişli işdə işləyən atalara nisbətən tükənmə hissinin yaranması ehtimalı 23 faiz daha çoxdur.

Təhlil göstərib ki, ABŞ-da təxminən 2,35 milyon işləyən ana pandemiya başlayandan bəri, məhz «evdə və işdə qeyri-bərabər tələblər səbəbindən» tükənmə hissini yaşayıblar.

Ekspertlər ümumiyyətlə razılaşırlar ki, qadınların tükənməsinin səbəbi bir deyil, lakin onlar qəbul edirlər ki, iş yerində bərabərsizlik halları bir qayda olaraq ənənəvi gender rolları ilə bağlıdır.

ABŞ-da qadınlar hələ də bir kişinin qazandığı hər dollarla müqayisədə orta hesabla təxminən 82 sent qazanırlar və Avropanın bir çox ölkəsində buna bənzər fərq mövcuddur.

Jianın şirkəti gender baxımından maaş fərqi barədə məlumatlarını dərc etmir, lakin Jia bunun əhəmiyyətli olduğunu güman edir. Üstəlik, o düşünür ki, bir çox kişi həmyaşıdları ondan daha çox qazanır, bu da ona böyük stres yaradır.

«Özümü aşağı qiymətləndirdiyim barədə fikir məni çox məyus edir, lakin mən maaşımın artırılmasını xahiş edərək özümü çalışdığım şirkət üçün arzuolunmaz işçiyə çevirmək riskini almaq istəmirəm», — Jia deyir. — Bu, daim davam edən daxili mübarizədir.»

Tədqiqatlar göstərir ki, aşağı gəlirləri olanların stres yükü daha yüksəkdir və ümumiyyətlə bu, psixi sağlamlığın pisləşməsilə əlaqəlidir. Lakin bir sıra xüsusi aparılmış tədqiqatlar göstərib ki, qadınlar arasında tükənmə hallarının çoxluğuna gətirib çıxaran səbəblər iş şəraitindəki fərqlər və gender amilinin irəliləyişə təsiri ilə bağlıdır.

Qadınlarda niyə tükənmə hissi yaranır?

2018-ci ildə Monreal Universitetinin tədqiqatçıları dörd il ərzində 2026 işçininin müşahidə olunması əsasında aparılmış bir araşdırma dərc ediblər.

Alimlər belə nəticəyə gəliblər ki, qadınlar kişilərə nisbətən tükənməyə daha çox həssasdırlar, çünki qadınlar kişilərə nisbətən daha az hallarda vəzifədə irəli çəkilirlər və buna görə də daha az səlahiyyətə malik olurlar, bu isə stres və məyusluğun artmasına gətirib çıxara bilər.

Tədqiqatçılar həmçinin aşkar ediblər ki, qadınlar daha çox hallarda tək valideynli ailənin başçısı olur, uşaqlarla bağlı stres yaşayırlar, ev işlərinə vaxt sərf edirlər və onların özünə verdikləri dəyər daha aşağı olur — bütün bunlar tükənmə hissini gücləndirə bilər.

Montreal Universitetinin professoru və bu araşdırmanın müəlliflərindən biri olan Nansy Beauregard qeyd edib ki, 2018-ci ildəki araşdırmasını nəzərdən keçirərkən, komandasının araşdırmalarında nümayiş etdirilən mövcud bərabərsizliklər və disbalansın Covid-19 dövründə gücləndiyi aydın olub.

«İş qüvvəsinin insan kapitalının davamlı inkişafı baxımından biz düzgün istiqamətdə irəliləmirik», — Nansy Beauregard deyib.

Pandemiya katalizatoru

ABŞ-ın Konnektikut ştatında yerləşən Gartner qlobal tədqiqat və məsləhət şirkətinin insan resursları üzrə tədqiqat şöbəsinin rəhbəri Brian Kropp razılaşır ki, qadınlarda tükənmə hissinin yaranmasına təkan verən amillərin bir çoxu pandemiyadan əvvəl də vardı, ancaq Covid-19 bu faktorlardan bəzilərini nəzərəçarpan dərəcədə kəskinləşdirib, yaşayış və iş tərzimizi köklü şəkildə nəzərdən keçirməyə məcbur edib.

Pandemiya dövründə valideynlərə və qəyyumlara dəstək verən strukturlar bağlandı və əksər hallarda bu əlavə yük qadınların üzərinə düşdü.

Harward Universiteti, Harward Biznes Məktəbi və London Biznes Məktəbinin alimləri tərəfindən aparılan bir araşdırmada dünya üzrə 30000 respondentin cavabları təhlil olunub. Məlum olub ki, qadınlar, xüsusən də analar Covid-19 zamanı uşağa baxmağa və ev işlərinə pandemiyadan əvvəlki dövrə nisbətən daha çox vaxt sərf edirlər və bu birbaşa həmin qadınların rifah səviyyəsinin aşağı olması ilə əlaqəlidir.

Bir çox qadınlar uşağa baxmaq yükünü ailələrdə artıq öz çiyinlərinə yükləyiblər. Pandemiyaya qədər analar işə, uşaq isə məktəbə və ya bağçaya gedirdi və ana müəyyən vaxtını işə həsr edir, uşağın qayğısı isə günün müəyyən hissəsi ərzində uşaq və ya bağca tərəfindən çəkilirdi. Artıq pandemiya onlara bu imkanı verən dəstək sistemlərinin işini pozub.

2020-ci ilin martında, New York-da məktəblər ilk dəfə bağlandığı zaman Sara məhz bu cür hisslər yaşayıb.

«Əvvəlcə elan edildi ki, məktəblər aprelin sonuna qədər bağlı qalacaq, düşünürdüm ki, o vaxtadək dözüm və hər şey yaxşı olacaq», Brooklyn-də yaşayan 40 yaşlı Sarah xatırlayır.

İndi, pandemiya başlayandan 18 ay keçmiş bi vaxtda, onun 6 və 9 yaşlı iki oğlu sinifdə dərs keçmək şəraitinə yenidən öyrəşməyə başlayırlar və Saranın həyatı kəskin şəkildə dəyişib.

2020-ci ilin aprel ayında o, ilk dəfə olaraq təlaş hissi keçirməyə başlayıb. Sarah böyük bir texnologiya şirkətində marketinq meneceri işləyirdi. Uşaqlarının ev şəraitində distant təhsil almaları ilə bağlı üzləşdiyi təzyiqlər ona sarsıdıcı təsir göstərdi.

O yata bilmirdi, daim narahatlıq hissi keçirirdi və özünü əzilmiş kimi hiss edirdi. Ən pisi isə o idi ki, o gördüyü hər hansı bir işin nəticəsinin qeyri-adekvat çıxdığını düşünürdü, çünki nəyisə yaxşı yerinə yetirməyə kifayət qədər vaxtı yox idi.

Pandemiya başlayandan altı ay sonra aydın oldu ki, nəysə dəyişmək lazım gələcək.

Saranın hüquqşünas əri ondan qat-qat çox qazanırdı və 2008-ci ildə onlar evləndikdən sonra bu belə idi. Beləliklə, 2020-ci ilin avqustunda onlar birgə qərara aldılar ki, Sara evdar qadın kimi fəaliyyətini davam etdirmək üçün işini tərk etsin.

«Bundan əvvəl mən özünü tükənmiş hiss etməyin nə olduğunu bilmirdim, — o deyir. — İndi isə bunun nə olduğunu çox yaxşı bilirəm.»

Saranın təcrübəsi daha geniş bir tendensiyanın simvoludur.

Keçən ilin sentyabr ayında pandemiyanın sürət aldığı bir dövrdə ABŞ-da işçi qüvvəsi sıralarını 860 000-dən çox qadın və 200 000-dən bir qədər çox kişi tərk etdi.

Bir hesablamaya görə, keçən ilin fevral-sentyabr aylarında ABŞ-da işçi qüvvəsini tərk edən anaların sayı 900000, ataların sayı isə 300000 olub.

Karantin dövründə qadınlar emosional və fiziki stresin çıxmasına kömək edə biləcək bir çox dəstəkverici vasitələrdən məhrum olduqlarından aydın idi ki, əlavə ev-məişət vəzifələrinin qadınların üzərinə qəfil düşməsi bir çoxunu imkanından artıq iş görməyə məcbur etdi.

«Nəyin bahasına başa gəlir?»

İş yeri üzrə ekspertləri narahat edən ən böyük məsələlərdən biri odur ki, iş yerindəki qadınların psixoloji sağlamlığının zəif olması gələcək nəsilləri, xüsusən də ailə qurmaq istəyənləri iş yerlərində iddialı hədəflər seçməkdən çəkindirə bilər. Bu, əmək bazarında maaş və əmək stajı baxımından artıq mövcud olan gender bərabərsizliyini daha da dərinləşdirə bilər.

Məlumat bazası göstərir ki, bu, həqiqətən də narahatlıq doğuran bir problemdir: CNBC və SurveyMonkey sorğu şirkəti tərəfindən bu ilin əvvəlində toplanan statistika göstərib ki, karyeraları baxımından özlərini «çox iddialı» kimi xarakterizə edən qadınların sayı pandemiya dövrü müddətində əhəmiyyətli dərəcədə azalıb.

ABŞ Siyahıyaalma Bürosunun məlumatları göstərir ki, pandemiyanın ilk 12 həftəsi ərzində Covid-19 ilə əlaqəli uşağa baxıma problemlərinə görə iş yerini tərk edən 25-44 yaş arası anaların sayı 4,8 faiz artıb, həmin yaş qrupuna aid ataların sayında isə artım müşahidə olunmayıb.

Eyni dərəcədə, yeni, o cümlədən hibrid iş üsullarının iş yerində gender bərabərliyinə necə təsir edə biləcəyi ilə bağlı da narahatlıqlar var. Tədqiqatlar göstərir ki, pandemiyadan sonrakı dövrdə evdən işləyən qadınların sayı kişilərə nisbətən daha çoxdur, lakin müşahidələr göstərir ki, evdən işləyən işçilərin menecerlərlə daha çox üz-üzə işləmək imkanı olan işçilərlə müqayisədə vəzifə nərdivanı ilə yüksəlmək şansları daha aşağıdır.

«Qadınlar deyir ki, mən də hamı kimi gərgin işləyirəm və eyni həcmdə iş görürəm, amma evdən işlədiyim üçün vəzifədə yüksəlmə ehtimalım azdır, — Kropp deyir. — Bu, son dərəcədə həvəsdənsalıcıdır.»

Londondakı The Soke sağlam davranış klinikasının böyüklər üçün terapiya şöbəsinin rəhbəri Dean Nicholson deyir ki, ədalət hissi — və ya ona bənzər nəsə — qadınların iş yerində əhvalına təsir göstərə bilər. «İş yerində bizə qarşı ədalət balansı pozulursa, bu, qaçılmaz olaraq təkcə təşkilata qarşı deyil, həm də özümüzə və gördüyümüz işin dəyərinə, eləcə də dəyərlər iyerarxiyasında tutduğumuz yerə münasibətdə mənfi hisslərin yaranmasına gətirib çıxarır.»

Kropp deyir ki, qadınlar arasında istedadların iş yerlərini tərk etmələrinin qarşısını almaq üçün təşkilatlar iş yerlərində köhnə praktikaların artıq səmərə vermədiyini anlamalıdırlar. Onun sözlərinə görə, menecerlər ədalətə və bərabər imkanlara şərait yaratmaq üçün şirkətlərin strukturunu yenidən nəzərdən keçirməlidirlər.

Bu, əmək haqqının bərabərliyi və vəzifə yüksəlişində bərabər imkanlar, eləcə də hər kəsin — analar, atalar və valideyn olmayan əməkdaşların — özünü dəyərli hiss etdiyi və öz peşəkar potensialını reallaşdıra bildiyi, eləcə də evdəki işlərin də öhdəsindən gələ biləcək, şəffaflıq mədəniyyətinin yaradılması deməkdir.

Deloitte şirkətinin qlobal gələcək iş üzrə lideri Steve Hatfield qeyd edir ki, analar, xüsusən də yüksək səviyyəli liderlik rollarında olanlar son dərəcə vacib rol modeli funksiyasını yerinə yetirirlər.

«Hal-hazırda onların yaşadıqları təcrübənin dalğavari effektinin yeni gələn işçilərə gerçəkdən dərin təsiri ola bilər və buna görə də bütün işçilərin ehtiyaclarını ödəyə və təmin edə biləcəklərini sübut etmək vəzifəsi təşkilatların üzərinə düşür», — o deyir.

İş yeri ilə vidalaşma ərəfəsində olduğunu söyləyən Jia iş yerində olduğu kimi evdə də nəzərəçarpan dəyişiklərə ehtiyacın olduğunda israr edir. «Pandemiya zamanı mənə tamamilə aydın oldu ki, stereotip gender rollarına kor-koranə riayət edildikdə yaranan disbalansı anlamaq üçün hamımız səy göstərməliyik, — o deyir. — Bəli, əlbəttə ki, bəzən qadının evdə oturub uşağa baxması və ya ödənişli işdən imtina etməsi məntiqli ola bilər, lakin biz bunun nəyin bahasına başa gəldiyini bilməliyik. İndi 2021-ci ildir. Bəzən özüm-özümə sual verirəm ki, görəsən, biz 1950-ci illərdə deyilik ki?»

Etiketlər