“Beynəlxalq humanitar hüquq çərçivəsində məhkəmə zəmanətləri” mövzusunda təlim keçirilib
02.12.2021-ci il tarixində Vəkillər Kollegiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə əməkdaşlığı çərçivəsində Vəkillər Kollegiyasının üzvləri üçün “Beynəlxalq humanitar hüquq çərçivəsində məhkəmə zəmanətləri” mövzusunda beynəlxalq eskpertlərin iştirakı ilə təlim təşkil edilmişdir.
Azhuquq.az xəbər verir ki, təlimi giriş sözü ilə açan BQXK Bakı nümayəndəliyinin Hüquq məsləhətçisi Jalə Əzizova tədbir və təlimçilər barəsində ümumi məlumat vermiş, təlimin mövzusunun əhəmiyyətini vurğulamışdır.
Daha sonra çıxış edən Kollegiyanın sədri Anar Bağırov təlim iştirakçılarını salamlamış, vəkillik sahəsində görülən işlər BQXK ilə Vəkillər Kollegiyası arasındakı əməkdaşlıq barədə məlumat vermişdir. Anar Bağırov beynəlxalq humanitar hüquq və onun əhəmiyyətini xüsusilə vurğulamış və təlim iştirakçılarına uğurlar arzulamışdır.
Daha sonra BQXK və onun fəaliyyəti, beynəlxalq humanitar hüquq (BHH) və onun tətbiqi, BHH altında saxlanılan şəxslərin statusu və təsirləri, silahlı münaqişə ilə əlaqədar saxlanılan şəxslər üçün statusun təyin edilməsi və məhkəmə təminatları mövzuları ətrafında beynəlxalq ekspertlərin çıxışları olmuş və müxtəlif kazuslar üzrə qrup işləri keçirilmişdir.
Qeyd etmək istərdik ki, təlimdə təlimçi qismində Jalə Əzizova, BQXK-nın Moskvada çalışan Regional Hüquq məsləhətçisi Andrey Kozik, BHH üzrə beynəlxalq ekspert, Kazan Federal Universitetinin professoru Üzeyir Məmmədov iştirak etmişlər.