«Vəkil günü» münasibətilə daha bir qrup vəkil təltif edildi — FOTOLAR

«Vəkil günü» münasibətilə daha bir qrup vəkil təltif edildi — FOTOLAR

Bu gün Vəkillər Kollegiyasının daha bir qrup üzvü vəkillərin peşə bayramı — «Vəkil günü» münasibətilə Fəxri fərman və «Azərbaycan vəkilliyinin 100 illiyi» yubiley döş nişanı ilə təltif olunub.
Azhuquq.az-ın məlumatına görə, tədbirdə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov Kollegiyanın ən böyük məqsədinin vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərmək və cəmiyyətdə vəkilliyin nüfuzunu artırmaq olduğunu deyib.
O bildirib ki, son illər vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin artırılması istiqamətində mühüm işlər görülüb. Bununla bağlı ilk növbədə vəkillərin sayı artırılıb, eyni zamanda onların peşəkarlığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Sədr deyib ki, yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün müasir standartlara cavab verən vəkil bürolarının açılması da bu istiqamətdə öz töhfəsini verib.
O bildirib ki, Vəkillər Kollegiyası vəkillərin müstəqil şəkildə öz peşə fəaliyyətini həyata keçirməsi üçün bütün lazımi şəraitin yaradılmasına daim diqqət göstərir.
A.Bağırov vəkillərin qarşılaşdıqları problemlər və çətinliklərdən də danışaraq bütün bu məsələlərin Vəkillər Kollegiyasının diqqətində olduğunu deyib. Onun sözlərinə görə, mövcud problemlərin həlli üçün ardıcıl işlər görülür. Sədr yaxın gələcəkdə həmin məsələlərin həllinə nail olacaqlarına ümid etdiyini bildirib.
O, bütün vəkilləri ölkəmizdə vəkilliyin inkişafı üçün səy göstərməyə çağırıb və bu təsisatın birgə səylər nəticəsində daha da güclənəcəyinə əminliyini vurğulayıb.
Daha sonra çıxış edən millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Vəkillər Kollegiyasının əldə etdiyi uğurlardan danışıb. Bildirib ki, vəkilliyə dövlət səviyyəsində göstərilən diqqət bu sahənin inkişafında xüsusi rol oynayıb.
Z.Oruc deyib ki, A.Bağırovun sədrliyi ilə bu sahədə böyük dəyişikliklər nəzərə çarpır. Son illər ərzində Azərbaycanda vəkillərin sayı xeyli artıb. Eyni zamanda bölgələrdə də vətəndaşlara hüquqi yardım göstərilməsi ilə bağlı ciddi irəliləyiş əldə olunub.
Millət vəkili əldə olunan inkişafın vəkilliyin nüfuzunu artırdığını deyib. Qeyd edib ki, bütün bunlar vəkillik peşəsinə marağı da artırır.
Z.Oruc «Vəkil günü» münasibətilə bütün vəkilləri təbrik edib və onlara peşə fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib. Daha sonra Vəkillər Kollegiyasının sədri A.Bağırova peşə bayramı münasibətilə hədiyyə təqdim edib.
A.Bağırov da öz növbəsində Z.Oruca Vəkillər Kollegiyası adından hədiyyə verib.
Sonda sədr vəkilləri Fəxri fərman və «Azərbaycan vəkilliyinin 100 illiyi» yubiley döş nişanı ilə təltif edib.
Xəyalə Bünyatova

Etiketlər