Vəkillərin İxtisas Komissiyasının sədri və müavini seçildi
Vəkillərin İxtisas Komissiyasının iclası keçirilib.
AzHuquq.az xəbər verir ki, iclasda Komissiyanın yeni tərkibi formalaşıb. Belə ki, Komissiya üzvlərinin qərarı ilə hüquq elmləri doktoru Turqay Hüseynov sədr, hüquq elmləri doktoru Ayxan Rüstəmzadə isə sədr müavini seçilib. Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatının İnsan resursları şöbəsinin müdiri Orxan Babayev isə Komissiyanın katibi seçilib.
Qeyd edək ki, Vəkillərin İxtisas Komissiyası vəkilliyə namizədlərin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli Qanununda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün yaradılıb. Onun tərkibinə beş vəkil, üç hakim və üç hüquqşünas alim daxildir. Vəkillərin İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının, vəkilliyə layiqli olmasının müəyyən edilməsi məqsədi ilə Vəkillər Kollegiyasının Rəyasət Heyəti ilə əlaqəli şəkildə test imtahanının keçirilməsini təşkil edir və onlarla müsahibə aparır.